XX əsrin 80-ci illərinin ikinci yarısında da ermənilər SSRİ-də yaranmış siyasi vəziyyətdən
istifadə edib, dərhal Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürmüş, bir neçə günün içərisində Ermənistanda yaşayan 200 minə qədər azərbaycanlını kütləvi şəkildə deportasiyaya məruz qoymuş, ardınca Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı kütləvi terror və qırğınlar həyata keçirməyə başlamışlar.
1992-ci ilin əvvəllərindən Ermənistan silahlı qüvvələri öz təcavüzkar siyasətlərini genişləndirərək Dağlıq Qarabağ və ətraf ərazilərdəki azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini bir-birinin ardınca işğal etdilər. Qısa zaman kəsiyində
Xocavənd, Cəmilli, Meşəli, İmarət-Qərvənd, Kərkicahan, Kosalar, Malıbəyli, Quşçular, Qaradağlı və digər kəndlər zəbt olunmuş, əhalinin bir qismi əsir götürülmüşdür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan dövlətinin nizami hərbi birləşmələri
keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək, bir gecənin içində onu yerlə-yeksan etmişlər. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir
olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir.
1991-ci ildə “Xocalının səsi” qəzeti yaranan zaman erməni millətçiləri Qarabağın – Xocalının işğal planlarını hazırlayırdılar. “Xocalının səsi” qəzeti məhz belə ağır dövrdə yaradıldı. Xocalı soyqırımından sonra “Xocalının səsi” qəzeti bu dəhşətli
soyqırımı haqqında daha dolğun və obyektiv məlumat verən mətbuat orqanlarından birinə çevrildi.
Qəzetin səhifələrində şəhid ailələrindən, erməni əsirliyində olmuş sakinlərdən, Xocalı soyqırımı şahidlərindən alınan müsahibələr mühüm əhəmiyyət kəsb edir. Qəzetdə mütamadi olaraq Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlər, xüsusilə, ümummilli lider Heydər Əliyev, sonrakı 15 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşası və işğal edilmiş torpaqlarımızın azad olunması üçün bütün zəruri addımlar haqqında geniş məlumat
verilir. Bununla yanaşı, “Xocalının səsi” qəzeti öz səhifələrində son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə
dünyada geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası geniş işıqlandırılır.
2015-ci ildən Xocalı rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xocalının səsi” qəzetinin redaktoru, “Azərbaycan Prespublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Qalib Bəyməmmədoğludur. O, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqələrdə 4 dəfə III yerin, 1 dəfə I yerin qailibi olub.
“Xocalının səsi” qəzeti Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Prezident
İlham Əliyev bu məsələdə respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutur. Azərbaycan Prezidenti bütün görüşlərdə münaqişənin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirir, beynəlxalq təşkilatların bu sahədə
səylərini gücləndirməsinin zəruriliyini bəyan edir.
Bununla yanaşı, Azərbaycan Prezidenti Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək xalqımızın öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. Dövlət başçısı İlham Əliyevin dəfələrlə “Azərbaycanın ərazi bütövlüyü danışıqların
mövzusu deyil, olmayıb və olmayacaqdır” fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına ümidləri daha da artırır. Əminik ki, Ümummilli liderin siyasi kursunu çox uğurla davam etdirən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad ediləcək və hamımız üçün müqəddəs olan üçrəngli bayrağımız doğma Qarabağımızda, Şuşada, Xocalıda, Xankəndidə
yenidən dalğalanacaq.
Sonda arzu edirəm ki, “Xocalının səsi” qəzetinin səsi Xocalıdan gəlsin!
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,
siyasi elmlər doktoru,
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin
Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini